Sədərək Rayon İcra Hakimiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə 18 may Sədərək şəhidlərininin anım mərasimi keçirilib.
Tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti, deputatlar, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, müharibə iştirakçıları, müəllimlər və rayon sakinləri iştirak ediblər. Tədbirə başlamadan öncə Ulu Öndər Heydər Əliyevin büstü və rayonun Şəhidləri Xiyabanı ziyarət edilmişdir.
Tədbirdə çıxış edənlər 1992 –ci il may ayında Sədərəkdə gedən ağır, qanlı döyüşlərdən 32 il ötdüyünü, həmin dövrün şanlı tarixi sayılan bu döyüşlərin tariximizə həkk olunduğunu bildirmişlər.
Qeyd olundu ki, 1992-ci il mayın 18-də Ermənistan silahlı birləşmələri Laçını işğal edəndən sonra növbəti hədəfi Naxçıvan idi. Həmin gün Sədərək istiqamətindən ağır silahlar və döyüş texnikası ilə hücuma keçən düşmən Azərbaycan əsgərlərinin və yerli əhalinin ciddi müqaviməti ilə rastlaşdı. Həmin gün qeyri-bərabər döyüşdə Sədərəkdə 19-20 yaşlı gənclər qəhrəmanlıq tarixi yazdılar. Hər bir naxçıvanlı, Naxçıvanda döyüşən Azərbaycan övladı daha da mətinləşdi, düşmənə olan kinini, qəzəbini silaha çevirə bildi. Çünki hər bir şəhidin ömür yolu bir qəhrəmanlıq dastanına döndü. Ümumilikdə, Sədərək döyüşlərində Naxçıvanın müxtəlif bölgələrindən 100-dən artıq oğul və qızımız qəhrəmanlıq zirvəsinə yüksəlib.
Bu gün bir daha aydın görünür ki, 18-22 may döyüşləri isə təkcə Sədərəyi işğal etmək məqsədi daşımırdı. Məlumdur ki, o zaman Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanla Türkiyənin arasında Sədərək-Dilucu körpüsünün tikintisi yekunlaşmaq üzrə idi. Sonradan “Ümid” körpüsü adlandırılan bu strateji, həyati əhəmiyyətli layihə Naxçıvanın blokadasının bir tərəfli yarılması demək idi. Məhz buna görə də ermənilər bu əraziləri işğal etməklə onun reallaşmasına mane olmaq istəyirdilər. Amma Heydər Əliyevin ətrafında birləşən Naxçıvanın müdafiəçiləri qanları bahasına düşmənin bu istəyini gözündə qoydu. 1992-ci il mayın 28-də körpü açıldı. May ayında erməni təcavüzü nəticəsində şəhid olanların bir neçəsinin cəsədi düşmənlə yaxın təmas xəttində qalmışdı. Ümummilli liderin beynəlxalq səviyyədə apardığı danışıqlar və şəxsi nüfuzu nəticəsində həmin döyüşçülərin nəşi götürülərək şəhidlər xiyabanında dəfn edilib. Ağır yaralılar isə Ümummilli liderin təşəbbüsü ilə Türkiyənin hərbi xəstəxanalarına yola salınıb. O zaman Ulu Öndər bu yaralıları Türkiyəyə göndərməklə kifayətlənmədi. Hətta özü belə onlara baş çəkmək, sağlamlıqları ilə maraqlanmaq üçün Türkiyəyə səfər etdi. Xəstəxanada bu qəhrəmanlarla şəxsən görüşüb onların səhhəti, müalicəsi ilə maraqlandı.
Tədbir daha sonra bədii hissə ilə davam edib
.
Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoyun ifasında M.H.Şəhriyarın "Azərbaycan" şeiri, Şairə, tədqiqatçı Kəmalə Nəsrinin ifasında "Yenə şəhid olaram" şeiri, Sədərək Uşaq Bağçasının fidanlarının təqdimatında rəqs,
Məktəblilərin təqdimatında 18 May Sədərək şahidlərinə həsr olunmuş şeir, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin "Əlvan çiçəklər" rəqs qrupunun təqdimatında "Cəngi" rəqsi nümayiş olundu.
Tədbirin sonunda 18 may Sədərək şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün inşa edilmiş abidə ziyarət edilib