Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Heydərabad qəsəbəsində “Sədərək Yol Təmir İstismar” MMC-nin kollektivini maraqlandıran məsələləri, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar yaranacaq problemlərin araşdırılması və lazımı köməklik göstərilməsi məqsədilə səyyar görüş keçirmişdir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə qeyd edib ki, payız-qış mövsümünə hazırlıqla bağlı işlər mütəmadi nəzarətdə saxlanılmalıdır. Şaxtalı hava şəraitində yollarda yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. Payız-qış mövsümü ilə əlaqədar avtomobil yollarının və yol avadanlıqlarının texniki vəziyyətinə baxış keçirilməli, yol texnikası, maşın-mexanizmləri, nəqliyyat vasitələri hazır vəziyyətə gətirilməli, ərazilərdə olan körpülər təmizlənməli, qum, texniki duz, yanacaq-sürtkü materialları ehtiyatı yaradılmalıdır.
Daha sonra Cəmiyyətin direktoru Malik Zamanov payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlərə dair məlumat vermiş, yaranacaq problemlərin aradan qaldırılması üçün hazırlıq işlərinin yekunlaşdırıldığını bildirmişdir.