Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə “Naxçıvan Aqroservis” ASC-nin Sədərək rayon bölməsində təsərrüfat sahibləri və texnika sahibləri ilə payızlıq taxıl əkini ilə bağlı səyyar qəbul keçirib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə görüş zamanı qeyd etdi ki, taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Taxıl istehsalının ilbəil artırılması qarşımızda duran əsas məsələlərdən biridir. Muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb olub. İcra başçısı rayon ərazisində taxılçılığın inkişafı və qarşıda duran vəzifələrdən bəhs edib, müvafiq tapşırıqlar verib.
“Naxçıvan Aqroservis” ASC-nin Sədərək rayon bölməsinin mütəxəssisi Hümbət Rzayev çıxış edərək bildirdi ki, şumun mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, şum zamanı yarana biləcək problemlərlə bağlı bütün hazırlıq işləri görülmüş və texnikalar saz vəziyyətə gətirilmişdir. Daha sonra təsərrüfat sahibləri və texnika sahibləri gördüyü işlər barədə məlumat vermiş, yaranabiləcək narahatlıqlarından danışmışlar.