Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar “Muxtariyyətin uşaqları – 100” mövzusunda bayram tədbiri keçirilmişdir.
Sədərək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısı Naim Cahidzadə tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətinin prioritetlərindən danışıb, bu itiqamətdə Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd edib. Naim Cahidzadə Sədərək rayonunda yetkinlik yaşına çatmayan şəxslərlə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini, eyni zamanda uşaq hüquqlarının qorunması işində aid qurumlarla birlikdə müvafiq işlərin görüldüyünü deyib. Bildirilib ki, rayon məktəbliləri əlamətdar günlərlə bağlı keçirilən, eləcə də ölkə və beynəlxalq səviyyəli müsabiqələrdə uğur qazanıblar. Bayramlar münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və dərslərində müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na uyğun olaraq muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu dövlət uşaq siyasətinin nəticəsidir ki, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi qayğı ilə yanaşılır. Onların hərtərəfli inkişafı təmin edilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində tədbirlər həyata keçirilir. Muxtar respublikada sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, şəhid övladları, ümumiyyətlə bütün kateqoriyadan olan uşaqlar dövlətin qayğısı ilə əhatə olunur. Komitə sədri uşaqların sağlamlığı və təhsili üçün yaradılan şəraitdən danışarkən onu da əlavə edib ki, 2023-cü il ərzində rayon, şəhər icra hakimiyyətləri yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu, 2024-cü il ərzində isə bələdiyyələr yanında gender komissiyaları yaradılıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda monitorinqlər təşkil olunur. Muxtar respublikada valideyn himayəsindən məhrum uşaqlar olsa da sevindirici haldır ki, atılmış uşaqlara rast gəlinmir. Bildirilib ki, qız övladlarının təhsili və milli-mənəvi dəyərlər əsasında tərbiyəsi vacib amildir və qızlarımızın erkən nikahdan qorunması işində uğurlu nəticələr əldə edilib. Ramilə Seyidova bayramlar münasibətilə uşaqları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə Sədərək rayonu üzrə təhsil sahəsində ən yüksək göstəriciyə nail olan Sədərək kənd tam orta məktəbinin şagirdi Rzazadə Murad qazandığı uğurlardan danışıb. Rayon məktəblilərinin timsalında təhsil müəssisələrində yaradılan şəraitdən, eləcə də bacarıqlarının üzə çıxarılması üçün görülən işlərdən danışan Rzazadə Murad əldə etdiyi uğurlarla kifayətlənmədiyini, gələcəkdə də hər işdə və əməldə Vətən üçün çalışacağını vurğulayıb. M.Rzazadə yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib.
Çıxışların ardından 2023-2024-cü tədris ilində Sədərək rayonunda təhsil, incəsənət və idman sahələri üzrə fərqlənən uşaqlara Sədərək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəxri fərman və hədiyyələri təqdim edilib.
Tədbirin bədii hissəsində Sədərək rayonunda yerləşən Uşaq Musiqi və tam orta məktəb şagirdlərinin, eləcə də Sədərək və Heydərabad Körpələr Evi-uşaq bağçasının balaca fidanlarının ifasında rəqslər ifa olunub, şeirlər bədii qiraət edilib, mahnı və musiqi nömrələri səsləndirilib.