Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İcra Hakimiyyətinin iclas zalında “Əsrin müqaviləsi -30” adlı tədbir keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Seyidov bildirdi ki, 20 sentyabr 1994-cü il ölkəmiz üçün tarixi bir gündür.
30 il bundan öncə ölkəmizin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalanmışdır. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Dünyada sənaye üsulu və dəniz yataqlarında ilk dəfə neft çıxarılan ölkəmizdə o gündən bu günədək böyük həcmdə neft hasil edilmişdir və Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Digər çıxış edənlər bildiriblər ki , 1991-1993-cü illərdə siyasi böhran, iqtisadi sahədə yaşanan tənəzzül ölkəmizin inkişafı üçün maneələr törədirdi. Azərbaycan xalqı təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndərin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bildi. Ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və “Əsrin müqviləsi”nin imzalanması bu addımlar sırasında xüsusi yer tutur. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisəsinə çevrilmişdir. Bu təntənəli mərasimdən 23 il sonra - 2017-ci il sentyabr ayının 14-də Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilmişdir.