Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Sədərək rayonunda tədbir keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Sədərək rayonunda tədbir keçirilib. İlk öncə Heydərabad qəsəbəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra rayonun Mədəniyyət Sarayında tədbir davam edib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmişdir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tədbirdə çıxış edərək bildirdi ki, xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz bu gün - mayın 10-da anadan olmuşdur. Tarix dəfələrlə sübut etmişdir ki, Ulu Öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxsahəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Nə qədər ki Azərbaycan var, nə qədər ki bu millət var, Heydər Əliyev də var olacaq. Ümummilli Liderimizin əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.
Daha sonra Yeni Azərbaycan Partiyasının Sədərək Rayon təşkilatının sədri Arif Qasımov və Sədərək Rayon Təhsil şöbəsinin müdiri Sirac Qarayev çıxış edərək bu tarixi gün münasibətilə bütün Azərbaycan xalqını təbrik ediblər. Tədbir konsert proqramı və “Vətənə,xalqa həsr edilən ömür” filminə baxış ilə davam edib.
.